Wikiversity
Rud | |
---|---|
Əlaqəli alətlər | |
Mənşə ölkəsi | Azərbaycan |
Rud — qədim simli çalğı alətidir. Ud tipli alətlər qrupuna daxildir. Əsasən saray mədəniyyətinə məxsus olan musiqi alətləridir, yaranması XVI əsrə qədər gəlib çatıb.[1]
Tarixi
Orta əsr Azərbaycan klassiklərinin əsərlərində təsvir edilmişdir. "Rud" farsca "bağırsaq" anlamına gəlir. [2] Nizami Gəncəvi Əflatunun (Platon) ərğanunu ruda istinadən icad etdiyi haqqda bilgi verir. Deməli, Əflatunnun yaşadığı dövrdə, e. ə. V əsrdə rud aləti mövcud idi.
Rud klassiklərin əsrlərində
Rud Nizami Gəncəvinin "İsgəndərnamə" əsərində belə vəsf olunmuşdur:
Müğənni, çal rudu, gəl dadıma çat,
Məni bu amansız yuxudan oyat.
Bəlkə, rudun səsi axar çay kimi
Dincəltsin susamış yanar qəlbimi.
Əbdülqədir Marağayi risaləsində rud barədə yazır: "Rud xani: onun səthinin yarısına kimi dəri çəkilir, qoluna pərdələr bağlanılır. 4 simli olur. İstifadə qaydası qədim uddakı kimidir". Əsasən, saray çalğı aləti sayılan rud XVI-XVII əsrlərə kimi Azərbaycan ərazisində istifadə olunub.
Araşdırmalardan məlum olur ki, rudun ilk nümunələrinin çanağı balqabaqdan, simləri isə ipək sapdan və yaxud bağırsaqdan hazırlanıb. Onun xarici görünüşü də balqabağı və gitaranı xatırladır. Quruluşu etibarı ilə başqa simli çalğı alətlərindən fərqlənən rudun üzünün yarısı balıq dərisi ilə, qalan hissəsi isə şam ağacından hazırlanmış üzlüklə örtülür.
Quruluşu
İlk zamanlar barmaqla, sonralar isə yumşaq materialdanı hazırlanmış mizrabla çalınıb. Çanağı tut, ərik, qolu və kəlləsi qoz, aşıqları armud ağacından hazırlanır. Rudun qoluna 12 pərdə bağlanılır. Bəm səsə malikdir. Alətin ümumi uzunluğu 860 mm, çanağının uzunluğu 495 mm, eni 335 mm, hündürlüyü 170 mm, qolunun uzunluğu 285 mm-dir.
Səs düzümü böyük oktavanın "mi" səsindən ikinci oktavanın "si" səsinə kimidir. [3]
- Şahrud - rudun böyük, bəm biçimi. Uddan 2 dəfə böyük, 5 cüt simi olub, uddan bir oktava bəm səslənirdi. IX yüzillikdə Səmərqəndli İbn Əxvəs tərəfindən icad edilsə də, sonralar unudulub, XIV əsrdə Ə. Marağalı tərəfindən bərpa olunub və bir daha unudulub dövrümüzə gəlib çatmayıb. Əl-Fərabi (IX əsr) onun bir növünü təqdim edir, Ə. Marağalı isə tamam başqa biçimli şahrudu təsvir edir.
Həmçinin bax
İstinadlar
- ↑ "Qədim musiqi alətlərimiz zəngin mədəni tariximizi əks etdirir". 2022-03-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-04-30.
- ↑ Abbasqulu Nəcəfzadə. Çalğı alətlərimiz Arxivləşdirilib 2022-03-25 at the Wayback Machine. Bakı, 2004.
- ↑ "Azərbaycan ənənəvi musiqi atlası - Rud". 2022-03-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-04-28.