Wikiversity
Oraq — kənd təsərrüfatı aləti. Taxıl, qismən də ot biçinində istifadə edilir. Kiçik polad tiyədən və ağac sapdan ibarətdir. Dişsiz olması ilə çindən fərqlənir. Tiyənin arxa tərəfi ağac sapa geydirilir. Neolit dövründə yaranmışdır İlk dəfə Ön Asiyada tapılmışdır. Oraq gövdəsi ağac, sümük və gildən olurdu, sonralar isə tunc, dəmir və poladdan da hazırlanırdı. Arxeoloji qazıntılar zamanı Azərbaycanda tapılmış qədim oraqlarla XX əsrdə istifadə olunan oraqlar arasında oxşarlıq var. Oraq "urak" adı ilə bir sıra türkdilli xalqlar arasında da yayılmışdır. Həyətyanı təsərrüfatda işlədilir.
Orağın böyük ölçülü növü "mərəndi" adlanırdı. Dəmir oraq peyda olandan sonra onun bəsit tipoloji növü olan "qurama" dişli oraqlar, tədricən aradan çıxmışdır.[1]
Biçin məqsədilə "kərənti" və ya "dəryaz" adlanan uzun dəstəkli əmək alətindən də istifadə edilirdi. Adətən, ot biçinində işlənən dəryaz qısa bəlimli taxıl növlərinin biçilməsi prosesində də istifadə edilirdi. Bir qayda olaraq onun dəstəyinin ortasına "əlcək" adlanan tutacaq bərkidilirdi.
İstinadlar
- ↑ "Əkinçilik alətləri". 2021-10-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-04-15.