LIMSwiki
Veb-sayt (ing. website, web – hörümçək toru, site — "yer") – HTTP/HTTPS protokolları vasitəsilə İnternetdə müraciət etmək mümkün olan, vahid mövzulu veb-səhifələrin sistemidir. Veb saytların ümumi yığımı Ümumdünya hörümçək torunu yaradır. Dövlət qurumları, müxtəlif idarə, təşkilat, müəssisə və şirkətlər öz xidmətləri və imkanları haqqında məlumatları yaymaq üçün veb-saytlardan istifadə edirlər. Veb-saytlar konkret məzmuu olan informasiya platforması kimi, ya da gəlir qazanmaq üçün yaradılır.
Ölü sayt — (ing.gravesite, ru. мертвый узел) – 1. Fəaliyyət göstərən, ancaq heç bir dəstəyi olmayan veb-sayt. 2. İstifadəçilər arasında qabaqcadan nəzərdə tutulmuş populyarlığı olmayan veb-sayt.
Veb saytların səhifələri ümumi domen ünvan altında birləşmiş olurlar və eyni məntiqi struktura malikdirlər. Veb sayt anlayışı hostinq, server, provayder, domen, şəbəkə və s. anlayışlarla sıx bağlıdır. İnternet texnologiyaları inkişaf etdikcə bir serverdə (kompüterdə) çoxlu sayda domen və veb saytlar yerləşdirmək mümkündür.
Tarixi
Dünyada ilk veb-sayt 6 avqust 1991-ci ildə Tim Barners-Li (Tim Burners-Lee) tərəfindən yaradılmışdır. Həmin saytda o, World Wide Web (WWW) yeni texnologiyası haqqında ümumi anlayış verərək, URL ünvanlaşma sistemi və HTML dili haqqında danışır. Həmin saytda veb-serverlərin və veb brauzerlərin (veb səyyahların) qurulması və işi ilə bağlı da informasiya verilirdi. Həmin sayt dünyada ilk İnternet-kataloqdur. Belə ki, Tim Barners-Li burada digər saytlara keçidlərin siyahısını da göstərdi.
Tim Barners-Li hesab edirdi ki, hipermətnlərdən istifadə etməklə şəbəkələrdə informasiya mübadiləsini çox sürətlə və effektiv aparmaq mümkündür. Bu ideyanı həyata keçirmək üçün o, hələ 1980-ci ildə Enquire proqram təminatını yaratdı. 1991-ci ildə CERN-də WWW standartı təsdiq olundu. Tim Barners-Li veb-texnologiyasının – HTTP, URI/URL və HTML atası hesab edilir
Veb-saytın strukturu
İnternetdə olan, öz aralarında hiperistinadlarla birləşmiş, kiçik saytdan tutmuş böyük informasiya portalına qədər hər bir resurs bir neçə tematik rubrikaları təşkil edir. Bir qayda olaraq məzmunu qısa anonslarla verilmiş bütün bölmələrdəki saytların istinadları birinci, yəni başlanğıc səhifəyə gətirilir ki, bu səhifəyə index.htm (.html) adı verilir. Saytın bütün başlanğıc sənədlərinə belə adın verilməsi məsləhətdir. Çünki əks təqdirdə hər hansı bölmənin başlanğıc səhifəsinin adını göstərmədən URL ünvanına müraciət olunarsa brauzer səhifənin özünü yox, cari qovluqda saxlanılmış faylların siyahısını göstərəcək. Veb saytları əsas etibarilə korporativ və satış saytları olaraq iki növə bölünür.
Sənədlərin uyğun bölmələrinə görə paylanmış tematik rubrikalar yığımı və bütün səhifənin resursları arasında əvvəlcədən layihələndirilmiş hiperəlaqələr saytın məntiqi strukturu adlanır. Fiziki struktur isə sayt nəşr olunmuş qovluğun alt direktoriyalarındakı fiziki faylların yerləşdirilməsi alqoritmi kimi başa düşülür.
Ola bilər ki, məntiqi və fiziki strukturlar üst-üstə düşməsin. Çünki sənədin fiziki strukturunda fayllar proqramistin işini asanlaşdırmaq məqsədilə müəyyən qaydada yerləşdirilə bilər. Faylların müəyyən qayda ilə yerləşdirilməsi sayta yeni materiallar əlavə edildikdən sonra qarışıqlıq yaranmasının qarşısını alır, belə ki, proyektin elementləri sayılan bütün qrafik təsvirləri "Image" adlanan xüsusi qovluqda yerləşdirmək lazımdır. Bu qovluq saytın əsas direktoriyasında yerləşir. Nəticədə təsvir yerləşdirilmiş HTML sənədlərini təzələdikdə şəkilləri yenidən səhifəyə yerləşdirmək lazım gəlmir. Digər tərəfdən həmin qrafik təsvirləri saytın digər səhifələrində də istifadə etmək olar. Veb saytda yerləşən hiperistinadların düzgün işləməsi, sənədlərin düzgün açılması və hər şansı bir resursa müraciət edildikdə brauzerin səhv haqqında informasiya verməsinin qarşısını almaq üçün aşağıdakı qaydalara riayət edilməlidir.
Direktoriyanın adları, HTML sənədlərinin adları və genişlənmələri, qrafik faylların adları təyin olunmalıdır. Bu adlar latın əlifbasında və kiçik reqistrlərində yazılmalıdır. Bu adların uzunluqları 8 simvoldan çox olmamalıdır. HTML sənədlərində faylların adları məna kəsb etməlidirlər, yəni gələcəkdə faylın məzmunu yaddan çıxarsa, bu halda faylın adına baxmaqla onun hansı mövzuya aid olduğu təyin olunacaq.
Veb-saytın strukturu 3 tipə bölünür:
- Xətti struktur
- Şəbəkə strukturu
- İerarxik struktur
Veb-saytın optimallaşdırılması
Veb-saytın optimallaşdırılması – saytın hərtərəfli yaxşılaşdırılmasına yönəlmiş tədbirlərdəndir. Optimallaşdırmanın məqsədi veb-saytın rahatlığının təmin edilməsi, yüklənmə sürətinin artırılması, yüksək hostinq xidməti ilə təchiz edilməsi, yüksək keyfiyyətli kontentin təqdim edilməsi, onun axtarış sistemlərinin tələblərinə uyğun olaraq tənzimlənməsi və başqadır.
Alqoritm
Veb saytı işləyərkən aşağıdakı alqoritmlər ardıcıl olaraq yerinə yetirilməlidir:
- Məqsədin qoyuluşu və əsas məsələlərin təyin edilməsi
- Gələcək tematik bölmələrin siyahısının yaradılması
- Resursların məntiqi və fiziki strukturlarının işlənməsi
- Dizayn eskizinin, saytın komponovkasının, görünməz verstal cədvəlin hazırlanması
- Mətn materiallarının hazırlanması
- Qrafik materialların hazırlanması
- Vektor şəkillərinin yayılmış (rastrovıy) formata eksport edilməsi, şəkillərin optimallaşdırılması
- Web-səhifələrin şablonlarının hazırlanması
- Web-səhifələrin maşın koduna çevrilməsi
Mənbə
- Osman Gündüz, Qorxmaz Əfəndiyev, Nazim Rüstəmov, "kompüter — İnformasiya Texnologiyalarının Əsasları", Bakı, 2006
- İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.