Papaq — baş geyimi. Azərbaycanda XX əsrin əvvəllərinə qədər kişilər arasında populyar milli baş geyimi. Digər Qafqaz xalqları arasında da geniş yayılmışdır.

Azərbaycanda papaq əsasən qoyun xəzi və ya qaragüldən hazırlanırdı. Onların müxtəlif formaları və yerli adları mövcüd idi. Araqçını kənddən kənarda papaqsız taxmaq ədəbsizlik hesab olunurdu, bu, yalnız uşaqlara icarə verilirdi.[1]

Papağın növləri

  • Motal papaq — əsasən kənd əhalisinin yoxsul təbəqələri taxırdı. Uzuntüklü qoyun dərisindən hazırlayırdılar, konus formasında olurdu.[2]
  • Şələ papaq — forma etibarı ilə azca domba olub gen sağanağa malik idi. Ona "Yastı papaq", "Çoban papağı", "Yapba papaq", "Kopan papaq" da deyirdilər. Əsasən kənd əhalisinin yoxsul təbəqələri taxırdı. Uzuntüklü qoyun dərisindən hazırlayırdılar.[3][4]
  • Çapma papaq — qiymətli (qıvrım tüklü) sür dəridən tikilərmiş. Bu papağın ortası uzunsov şəkildə çökək hala salınırdı. Papağın bu növü "Sür papaq" da adlanırdı.[5]
  • Şiş papaq — konusvari formada olub, həmçinin, "Zərnəva papağı", "Molla papağı", "Qəbələ papağı", "Züllə papaq" da adlanırdı.
  • Daqqa papaq — papağın sağanağı qaragül dərisindən, üst qapağı isə mahuddan tikilirdi. Bəzi bölgələrdə ona "üstlü", yaxud "qapaqlı" papaq da deyilirdi. Ümumiyyətlə, qaragül dərisindən tikilən sağanaqlı papaqların hamısı "börk" və ya "sür papaq" adlanardı.
  • Qalmığı papaq — yenə də qaragül dərisindən olub sağanağının yuxarısı gen, aşağısı dar olurdu.[6]
  • Sarıq papaq — Keçmişdə Məkkə, Məşhəd, Kərbəlaya ziyarətə gedib qayıdanlar ilk vaxtlar başlarına "sarıq papaq" qoyarmışlar. Bu məqsədlə onlar börklərinin yarıdan aşağı hissəsini dövrələmə tənzif və ya ağ parça zolağı ilə sarıtdırarmışlar. Bu əlamətdən onların ziyarətdən yenicə qayıtdıqları bəlli olarmış. Ona görə də, onların qabağına üzbəsurət çıxan adamlar "ziyarətin qəbul olsun" — deyib onu təbrik edərmişlər.
  • Qələmi papaq — çox hündür ("züllə") olmaqla, qıvrım tüklü dəridən tikilirdi. Varlı kişilərə məxsus olan bu papağa "şikarı", "qacarı", "qoçu papağı" da deyilirdi.[7]
  • Buxara papaq — bu papaqlar üçün dərini Buxaradan gətirirdilər. Onları yalnız bəy zümrəsinin nümayəndələri və həmçinin varlı adamlar taxırdı. Konus şəklində və ya iti uclu hazırlayırdılar. Belə papaqlar həm də şəhər aristokratiyası üçün də xarakterik idi. Buxara papağa "Şiş papaqları" və ya "bəy papaqları" da deyilir.[8]
  • Qoçu papağı — qiymətli (qıvrım tüklü) sür dəridən tikilərmiş və daha çox nüfuzlu şəxslərin, qoçuların istifadə etdiyi bir papaq növüdür.

Tarixi

XX əsrin əvvəllərinə qədər papaq Azərbaycanda baş geyimi olmaqla yanaşı, həm də simvol sayılırdı. Cəsarət, ləyaqət və şərəf rəmzi hesab olunurdu. Hətta bir kişinin papağının oğurlanması onun sahibinə qarşı düşmən hücumu kimi qiymətləndirilirdi. Keçmiş zamanlarda kişilər istənilən halda papağı başlarından çıxarmırdılar. Çünki ictimai yerlərdə baş geyimi olmadan görünmək rüsvayçılıq kimi dəyərləndirilirdi. Azərbaycanda papaq əsasən qoyun xəzi və ya qaragüldən hazırlanırdı və onların müxtəlif formaları və yerli adları mövcüd idi. XIX əsr kişi baş geyimləri içərisində aşılı qoyun dərisindən tikilmiş papaq xüsusi yer tuturdu. İmkanlı kişilər, əsasən, "qaragül" dərisindən sür papaq tikdirərdilər. Qədimlərdən üzü bəri hər kişinin başında börk olması əsas şərt idi. Kişidə börk (papaq), arvadda isə ləçək (çarqat) şərafət nişanəsi sayılırdı. Papağa və ləçəyə hörmətsizlik müqəddəslərə və namusa hörmətsizlik sayılırdı. Buna görə də heç vaxt kişinin papağı başından əskik olmazdı. Hətta oğlan uşaqlarının da özünəməxsus papaqları olurdu. Bu papaqlara "tərlik" deyərdilər. Ancaq tərlik papaq qədər qalın olmazdı, bir qat toxunmuş açıq qırmızı forması olardı və bu papaq formasının Səfəvi hökmdarlarının "Qızılbaş" ordusundan qaldığı deyilir.[9]

Həmçinin bax

Mənbə

  1. http://canbaku.net/index.php?newsid=4995[ölü keçid]
  2. "Motal papaq". Archived from the original on 2024-01-26. İstifadə tarixi: 2024-01-26.
  3. "Şələ papaq". Archived from the original on 2024-01-26. İstifadə tarixi: 2024-01-26.
  4. https://medeniyyet.az/page/news/12977/Milli-papaqdan-ozge-papaga.html?lang=az (#bare_url_missing_title). 2024-01-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-26.
  5. "Çapma papaq". 2024-01-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-26.
  6. "Papaqlar". 2024-01-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-26.
  7. "Papaqlar". Medeniyyet.az. 2024-01-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-26.
  8. "Milli geyimlərimiz". 2024-01-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-26.
  9. "Güney mahalında milli geyimlər". 2016-03-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2009-09-08.

Xarici keçidlər