Feil — ümumqrammatik mənasına görə iş, hal və hərəkəti bildirib, zaman, şəxs və kəmiyyətcə təsriflənən əsas nitq hissəsidir. Feillər müxtəlif forma və zamanlarda işlədilərək "nə etmək?", "nə etdi?", "nə etmişdir?" "nə edir?", "nə edəcək?", "nə edər?" və s. suallarına cavab olur şəxsə və kəmiyyətə görə dəyişir təsdiq və inkar, təsirli və təsirsiz olur.

Feilin mənaca növləri

  1. İş feilləri: yağla(maq), tik(mək), rənglə(mək), kəs(mək), yaz(maq) bişir(mək), qur(maq) və s…
  2. Nitq feilləri: danış(maq), dinlə(mək), qulaq as(maq), sus(maq), pıçılda(maq) və s.
  3. Hərəkət feilləri: get(mək), düş(mək), en(mək), qalx(maq) gəl(mək) qaç(maq) və s…
  4. Təfəkkür feilləri: duy(maq), xatırla(maq), zənn et(mək), duyğulan(maq), sevin(mək), dərk et(mək) və s…
  5. Hal-vəziyyət feilləri: ağar(maq), gözəlləş(mək), nərildə(mək), gül(mək), fərəhlən(mək) və s…

Feilin quruluşca növləri

  1. Sadə feillər: Ancaq bir kökdən və qrammatik şəkilçidən ibarət olan feillərə sadə feillər deyilir. Məsələn: al, oxu(yur), get, al(dı), gəl(ir) və s.
  2. Düzəltmə feillər: Kökə və sözdüzəldici (leksik) şəkilçiyə malik olan feillər düzəltmə feillər adlanır. Məsələn: baş-la(maq), ağ-ar(ır), iş-lə(mək), gör-üş(mək) və s.
  3. Mürəkkəb və tərkibi feillər: İki sözün birləşməsindən əmələ gələn feillər mürəkkəb feillər adlanır. Məsələn: deyir-gülür, ölçdü-biçdi, bəzənib-düzənir, atılıb-düşür və s.

Azərbaycan dilində elə feillər var ki, mürəkkəb feillərə oxşasalar da, bunlara mürəkkəb feil deyilmir. Bu feillərin bir qrupuna frazeoloji birləşmə (başa düşdü, qulaq asdı, başa saldı və s.), bir qrupuna isə tərkibi feil deyilir (yaxşı elədi, həll olundu, itib getdi və s.).

Tərkibi feilləri və mürəkkəb feilləri qarışdırmamaq üçün aşağıdakıları yadda saxlamaq lazımdır:

  1. Bütün mürəkkəb sözlər kimi mürəkkəb feillər də iki müstəqil sözün (köməkçi sözün yox) birləşməsindən əmələ gəlir (uçdu-getdi, deyir-gülür və s.). Tərkibi feillərdə isə sözlərdən biri müstəqil deyil, köməkçi vəzifə daşıyır. Bu səbəbdən də tərkibi feillərə (adam ol, yaxşı oldu, kömək et və s.) mürəkkəb feil demək olmaz.
  2. Mürəkkəb feilləri əmələ gətirən sözlərin hər biri qrammatik cəhətdən dəyişə bilir (asdı-kəsdi, atılır-düşür), tərkibi feillərdə isə yalnız ikinci (sonuncu) söz dəyişir (yaxşı oldu, yaxşı olur, yaxşı olacaq).
  3. Birinci tərəfdə –a2 şəkilçisi, ikinci tərəfdə "bilmək" sözü işlədilən feillərə də tərkibi feillər deyilir. Məsələn: ala bildi, oxuya bilmək və s.

Düzəltmə feillərin əmələ gəlməsi

Sözdüzəldici (leksik) şəkilçilər vasitəsilə həm başqa nitq hissələrindən, həm də feillərdən düzəltmə feillər əmələ gəlir.

Digər nitq hissələrindən

Başqa nitq hissələrindən (isim, sifət, say, əvəzlik, zərf və yamsılamalardan) feil düzəltmək üçün aşağıdakı şəkilçilərdən istifadə olunur:

  • -la² (-la, -lə): (isim, sifət, say, zərf, yamsılama, qismən də əvvəlki mənasını itirmiş sözlərdən feil əmələ gətirir). Məsələn: (isimdən yarananlar) (mək), boğazla(maq), salamla(maq); (sifətdən yarananlar) hazırla(maq), parçala(maq), arıqla(maq); (əvvəlki mənasını itirmiş sözdən yarananlar) tamamla(maq), yarıla(maq), qamarla(maq), topala(maq).
Qeyd: Ədəbi dildəki -la² şəkilçisi ilə bitən bütün feillər, əsasən, düzəltmə feillərdir.
  • –laş, -ləş: qucaqlaş, ayaqlaş, əlləş (isim); razılaş, çətinləş, tündləş (sifət); birləş, ikiləş, cütləş (say); yaxınlaş, uzaqlaş (zərf).
  • –lan, -lən: dillən, evlən, kədərlən (isim); qaralan, təmizlən (sifət).
  • –al, -əl, -l: boşal, sağal, qısal (sifət); çoxal, azal (say).
  • –ar, -ər: otar (isim); ağar, qızar, bozar (sifət).
  • –a, -ə: oyna, ələ (isim); boşa, çilə (sifət).
  • –ı, -i, -u, -ü: bərk-i, turş-u (sifət).
  • –var: su-var (isim).
  • –imsə: mən-imsə (mək) – əvəzlik.
  • –sa, -sə: su-sa(maq) – isim; qəribsə(mək) – sifət.
  • –ılda, -ildə, -ulda, -üldə: zar-ılda-maq, xır-ılda-maq, cing-ildə-mək (yamsılama-təqlidi sözlər).
  • –ıq (ıx), -ik, -uq (ux): yol-ux-maq (isim); dar-ıx-maq, pis-ik-mək (sifət).
  • –aş, -əş: yan-aş-maq, öc-əş-mək, dar-aş-maq (isim, yamsılama və əvvəlki mənasını itirmiş sözlər).
  • –ış, -iş, -uş, -üş: çal-ış-maq, bar-ış-maq, qar-ış-maq, çaqq -ış-maq (əvvəlki mənalarını itirmiş söz kökləri və yamsılamalar)
  • –an,-ən: güc-ən-mək, hıqq-an-maq, uz-an-maq (isim və yamsılama)

Feildən

Feildən feil düzəltmək üçün aşağıdakı şəkilçilərdən istifadə olunur:

  • –ıl, -il, -ul, -ül: yaz-ıl-maq, döy-ül-mək, vur-ul-maq.
  • –ın, -in, -un, -ün: al-ın-maq, bil-in-mək, döy-ün-mək.
  • –ış, -iş, -uş, -üş: yaz-ış-maq, gör-üş-mək, vur-uş-maq.
  • –aş, -əş, ş: tut-aş-maq, mələ-ş-mək.
  • –dır, -dir, -dur, -dür: yaz-dır-maq, sök-dür-mək, böl-dür-mək.

Təsdiq və inkar feilləri

  • Hərəkətin icra edildiyini bildirən feillər təsdiq feillər adlanır. Məsələn: yazmaq, oxumaq, aldım, gedir və s.
  • Hərəkətin icra edilmədiyini bildirən feillər inkar feillər adlanır. İnkarlıq təsdiq feillərə –ma, -mə, -m şəkilçiləri qoşulmaqla düzəlir. Məsələn: oxu-maq (təsdiq); oxu-ma-maq (inkar).

Qeyd: İnkar şəkilçisi –ma2 sifət və isim düzəldən –ma, -mə şəkilçisi ilə omonimdir. Bunları fərqləndirmək üçün aşağıdakıları yadda saxlamaq lazımdır:

  1. İnkar şəkilçisi vurğu qəbul etmir (alma, yığma, oxuma), leksik şəkilçi olan –ma, -mə isə vurğu altına düşür (qaz-ma, süz-mə).
  2. Bəzən inkar şəkilçisinin saiti ixtisara düşür. Məsələn: alma-yır, al m-ır; gəl-mə-yir, gəl-m-ir və s.

Bəzi feillər inkarda –ma, -mə şəkilçisi qəbul etmir, onun əvəzinə deyil sözündən istifadə olunur. Məsələn: gedəsi deyil, alası deyil və s.

Təsirli və təsirsiz feillər

a) Özündən asılı olan sözün ismin təsirlik halında işlənməsini tələb edən feillərə təsirli feillər deyilir. Təsirli feillərlə əlaqəyə girən sözlər ismin təsirlik halının suallarına (kimi? nəyi? haranı? nə?) cavab olur. Məsələn: kitabı (nəyi?) oxudum, dəftər (nə?) aldım, Qulunu (kimi?) çağırdılar, dondurmanı(nəyi?) aldım və s.

b) Özündən asılı olan sözün ismin təsirlik halında işlənməsini tələb etməyən feillərə təsirsiz feillər deyilir. Məsələn: Meşədən (haradan?) gəlirəm, kinoya (nəyə?) baxırlar və s.

Qeyd: Təsirli feillər şəkilçi qəbul edərək təsirsiz feillərə (yaz-yaz-ıl, oxu-oxu-n, aç-aç-ıl və s.), təsirsiz feillər isə təsirli feillərə (gül-gül-dür, otur-otur-t, köç-köç-ür, it-it-ir və s.) çevrilə bilirlər.

Feilin qrammatik məna növləri

Feilin qrammatik məna növləri danışan (yazan) şəxsin, yəni iş görənin üzərində iş görülən əşya ilə qarşılıqlı münasibətlərini əks etdirir. Bunlar aşağıdakılardır:

1. Məlum növ. Feilin məlum növündə iş görən məlum olur və bu növü düzəltmək üçün heç bir xüsusi şəkilçidən istifadə olunmur. Məsələn: yaz, oxu, gör, iç və s.

Məlum növ feillər həm təsirli (ye, aç və s.), həm də təsirsiz (dur, bax və s.) olurlar.

2. Qayıdış növ. Qayıdış feillər iş görənin işi öz üzərində icra etdiyini bildirir. Bu növdə subyekt və obyekt eyni şəxs olur. Məchul növdə olduğu kimi -ıl4, ış4

Qeyd. Geyindi, soyundu feilləri müstəsnadır. Bu qayıdış feilləri təsirli (gey, soy) feillərdən əmələ gəlsə də, yenə də təsirli olaraq qalır. (Paltarını geyindi; çəkməsini soyundu).

Bəzən başqa nitq hissələrindən əmələ gələn qanad-lan-(maq), ruh-lan(maq), şikayət-lən(mək) və s. kimi feillər də qayıdış növ mənasını bildirir.

3. Məchul növ. Məchul növ feillərdə iş görən qrammatik cəhətdən məlum olmur. Məchul növ feilləri düzəltmək üçün təsirli feillərə –ıl, -il, -ul, -ül, -ın, -in, -un, -ün, -n, -nil, -yil şəkilçilərindən biri artırılır. Məsələn: Kağız yaz-ıl-dı. Tarla şumla-n-dı. Zəng vur-ul-du. Düşmən izlə-nil-ir və s.

Məchul növ feillər qrammatik formasına görə qayıdış feillərə çox yaxındır (hər iki növ –ın, -in, -un, -ün, -n, -ıl, -il, -ul, -ül şə-kil-çiləri ilə yaranır), lakin məchul növ feillərdə iş görən məlum ol-madığı halda, qayıdış feillərdə iş görən məlum olur, yəni işi öz üzərində icra edir.

4. Şəxssiz növ. -ıl, -il, -ul, -ül, -ın, -in, -un, -ün şəkilçilər təsirli feillərə artırıldıqda məchul növ, təsirsiz feillərə artırıldıqda şəxssiz növ əmələ gətirir. Məsələn: Məktuba bax-ıl-dı, diqqət ed-il-di, yanaş-ıl-dı və s.

Qeyd: Məchul feillərlə şəxssiz feilləri ayırmaq üçün aşağıdakı cəhətlərə diqqət etmək lazımdır:
  • Məchul feillər təsirli feillərdən (böl-ün-dü, yaz-ıl-dı), şəxs-siz feillər isə təsirsiz feillərdən (ged-il-di və s.) əmələ gəlir.
  • Məchul feillər –ın4, -n, -ıl4 şəkilçisi ilə yarana bildiyi halda, şəxssiz feillər, əsasən, –ıl4 şəkilçisi ilə əmələ gəlir.
  • Məchul feilli cümlələrdə mübtəda olur (Məktub yazıldı), şəxs-siz feilli cümlələrdə isə mübtəda olmur .

5. Qarşılıq-birgəlik növ. Bu növdə olan feillər hərəkətin qarşı-qarşıya, ya da şərikli, müştərək icra edildiyini bildirir.

Qarşılıq bildirən feillər əsasən təsirli (yaz-ış-maq, vur-uş-maq, de-yiş-mək), birgəlik (müştərək) bildirən feillər isə təsirsiz feillərdən (gül-üş-mək, ağla-ş-maq, hür-üş-mək) əmələ gəlir.

Qarşılıq-birgəlik növdə olan feillər nəticə etibarilə təsirsiz olur.

Qarşılıq-birgəlik növü yaratmaq üçün aşağıdakı şəkilçilərdən istifadə olunur: -ış, -iş, –uş, -üş, -aş, -əş, -ş, -laş, -ləş.

6. İcbar növ. İcbar növ feillərdə hərəkəti danışan və ya haqqında danışılan şəxs deyil, başqası icra edir. İcbar növ feillər təsirli feillərin sonuna –dır, -dir, -dur, -dür, bəzən də –t şəkilçisi artırmaqla düzəlir. Məsələn: yaz-dır, sil-dir, bil-dir, düzəlt-dir və s.

Qeyd: Yuxarıdakı şəkilçiləri təsirsiz feillərə artırdıqda icbar növ deyil, sadəcə təsirli feil əmələ gəlir. Məsələn: gül-gül-dür, otur-otur-t. Bu feilləri icbar növə çevirmək üçün onlara yenidən icbar növün şəkilçilərini artırmaq lazımdır. Məsələn: güldür-t, oturt-dur.
Qeyd: Vuruş, görüş tipli qarşılıq-birgəlik bildirən feillər isim də ola bilər. Məsələn: Görüş maraqlı keçdi. Vuruş baş tutmadı.

Təsriflənən feillər

Feilin təsriflənən formaları: Feilin şəxsə və kəmiyyətə görə dəyişən formalarına təsriflənən feillər deyilir. Əmr şəklindən başqa bütün şəkillər gələcək zaman bildirir. Təsriflənən feillər feilin sadə şəkilləri də adlanır. Feilin şəkilləri danışan, yazan şəxsin görülən işə münasibətini bildirir. Feilin təsriflənən formaları, yaxud sadə şəkilləri aşağıdakılardır:

Təsriflənən feillərə

Feilin şəkilləri

Zaman

Feilin məna növləri aiddir

Əmr şəkli

Əmr şəkli əmr, xahiş, məsləhət, təklif, nəsihət və s. bildirir. Əmr şəkli feilin kökünə və ya başlanğıc formasına şəxs şəkilçisi artırmaqla düzəlir. Əmr şəklinin xüsusi şəkilçisi yoxdur. Məsələn:

  • I Mən yazım, Biz yaz-aq, gəl-im, gəl-ək
  • II Sən yaz Siz yaz-ın gəl gəl-in
  • III O yaz-sın Onlar yaz-sınlar gəl-sin gəl-sinlər

Əmr şəklinin ikinci şəxsinn təkinin şəxs şəkilçisi olmur.

Xəbər şəkli

İşin nə zaman və neçənci şəxs tərəfindən icra edildiyini, icra ediləcəyini (və ya edilmədiyini) bildirən feil şəklinə xəbər şəkli deyilir. Xəbər şəklinin xüsusi şəkilçisi yoxdur. Bu şəkli düzəltmək üçün müxtəlif feillərə zaman və şəxs şəkilçiləri artırılır.

Feil xəbər şəklində keçmiş, indiki və gələcək zamanlara, eləcə də şəxsə görə dəyişir.

Keçmiş zaman

Keçmiş zaman iki cür olur; şühudi keçmiş, nəqli keçmiş.

Şühudi keçmiş hərəkətin keçmişdə icra olunub-olunmadığını qətiyyətlə bildirir və -dı, -di, -du, -dü şəkilçiləri ilə düzəlir. Məsələn:o

  • I aldım aldıq gəldim gəldik
  • II aldın aldınız gəldin gəldiniz
  • III aldı aldılar gəldi gəldilər

Şühudi keçmiş zamanda üçüncü şəxsin təkində şəxs şəkilçisi olmur.

Nəqli keçmiş zaman keçmişdə icra edilmiş və ya edilməmiş hərəkət barədə nəql yolu ilə məlumat verildiyini bildirir və -mış, -miş, -muş, -müş şəkilçisi ilə yaranır. Məsələn:

  • I yaz-mış-am yaz-mış-ıq get-miş-əm get-miş-ik
  • II yaz-mış-san yaz-mış-sınız get-miş-sən get-miş-siniz
  • III yaz-mış-dır yaz-mış-lar get-miş-dir get-miş-lər

Qeyd: Nəqli keçmiş ikinci və üçüncü şəxsdə -ıb, -ib, -ub, -üb şəkilçisi ilə də düzələ bilir. Məsələn:

  • II al-ıb-san al-ıb-sınız poz-ub-san poz-ub-sunuz
  • III al-ıb-dır al-ıb-lar poz-ub-dur poz-ub-lar

Keçmiş zamanın inkarını yaratmaq üçün -ma, -mə şəkilçisindən istifadə olunur. Məsələn: aldım-al-ma-dım; oxudun-oxu-ma-dın; bildi-bil-mə-di.

İndiki zaman

İndiki zaman hərəkətin söhbət gedən vaxtda icra edildiyini bildirir, feillərə -ır, -ir, -ur, -ür (-yır, -yir, -yur, -yür) şəkilçisini artırmaqla düzəlir. Məsələn: oxu-yur, gəl-ir, yaz-ır və s.

İnkar feillər indiki zamana görə dəyişəndə inkar şəkilçisinin (-ma, -mə) saiti düşür (-a, -ə). Məsələn: al-ır -al-m-ır, qaç-ır – qaç-m-ır və s.

İndiki zaman feilləri şəxsə görə dəyişir. Məsələn:

  • I mən gəl-ir-əm biz gəl-ir-ik yaz-m-ır-am yaz-m-ır-ıq
  • II sən gəl-ir-sən siz gəl-ir-siniz yaz-m-ır-san yaz-m-ır-sınız
  • III o gəl-ir onlar gəl-ir-lər yaz-m-ır yaz-m-ır-lar

İndiki zamanın üçüncü şəxsinin təkində şəxs şəkilçisi yoxdur

Gələcək zaman

Gələcək zaman iki cür olur: 1) qəti gələcək, 2) qeyri-qəti gələcək.

— Qəti gələcək feillərə -acaq, -əcək(yacaq, yəcək) şəkilçisi artır-maqla düzəlir və hərəkətin icra olunacağını qətiyyətlə bildirir. Məsələn:

  • I al-acağ-am al-acağ-ıq ək-əcəy-əm ək-əcəy-ik
  • II al-acaq-san al-acaq-sınız ək-əcək-sən ək-əcək-siniz
  • III al-acaq al-acaq-lar ək-əcək ək-əcək-lər

Qəti gələcək zamanın üçüncü şəxsinin təkində şəxs şəkilçisi işlənmir.

— Qeyri-qəti gələcək zaman feillərə -ar, -ər (-yar,-yər) şəkil-çi-si artırmaqla düzəlir və hərəkətin icrasının qəti şəkildə deyil, qeyri-müəyyən (şübhəli) olduğunu bildirir. Məsələn:

  • I gül-ər-əm gül-ər-ik oxu-yar-am oxu-yar-ıq
  • II gül-ər-sən gül-ər-siniz oxu-yar-san oxu-yar-sınız
  • III gül-ər gül-ər-lər oxu-yar oxu-yar-lar

Qeyri-qəti gələcək zamanın üçüncü şəxsinin təkində şəkilçi işlənmir.

Qeyd:

1. Qəti gələcək zamanda inkar feillər dəyişərkən inkar şəkilçisi (-ma,-mə) olduğu kimi işlənir (al-acaq – al-ma-ya-caq, vur-acaq -vur-ma-yacaq və s.), qeyri-qəti gələcək zamanda isə inkar şəkilçisinin saiti (-a,-ə) düşür, ikinci və üçüncü şəxsdə isə zaman şəkilçisinin (-ar2, -yar2) r səsi z səsinə çevrilir. Məsələn: gör-m-əz-sən; gör-m-əz.

2. Feil –la2 şəkilçisi ilə bitdikdə iki hal özünü göstərir.

  • qeyri-qəti gələcək zaman şəkilçisindən əvvəl "y" bitişdiricisi işlənir (başla-y-ar, işlə-y-ər);
  • və ya qeyri-qəti gələcək zamanın şəkilçisində olan sait düşür. Məsələn: başla-y-ar -başla-r; işlə-y-ər -işlə-r və s.

Arzu şəkli

Arzu şəkli işin gələcəkdə icrasının arzu olunduğunu bildirir və feillərə -a,-ə (ya, -yə) şəkilçisi artırmaqla düzəlir. Arzu şəklində feildən əvvəl çox vaxt gərək, kaş sözlərindən biri işlədilir. Məsələn:

  • I gərək (kaş) al-a-m al-a-q oxu-ya-m oxu-ya-q
  • II gərək (kaş) al-a-san al-a-sınız oxu-ya-san oxu-ya-sınız
  • III gərək (kaş) al-a al-a-lar oxu-ya oxu-ya-lar

Arzu şəklinin inkarını düzəltmək üçün –ma2 şəkilçisindən istifadə olunur.

Arzu şəklində üçüncü şəxsin təkində şəxs şəkilçisi olmur.

Arzu şəkilçisi adətən feildən əvvəl gərək və təki . barı sözləri işlənir. Məsələn-təki gör-ə və s.

Vacib şəkli

Vacib şəkli icra ediləcək işin zəruri olduğunu bildirir və feillərə -malı, -məli şəkilçisi artırmaqla düzəlir. Məsələn:

  • I get-məli-yəm get-məli-yik bil-məli-yəm bil-məli-yik
  • II get-məli-sən get-məli-siniz bil-məli-dir bil-məli-siniz
  • III get-məli-dir get-məli-dirlər bil-məli-dir bil-məli-dirlər

Bu şəklin inkarı da –ma2 şəkilçisi ilə düzəlir. Məsələn: Oxu-ma-malı-dır, yaz-ma-malı-san və s. əsasən -malı-məli şəkilçisi ilə işlənir

Lazım şəkli

Lazım şəkli icra ediləcək hərəkətin lazım olduğunu bildirir və feillərə -ası,-əsi (-yası, -yəsi) şəkilçisi ar-tırmaqla düzəlir. Lazım şəklinin inkarını düzəltmək üçün deyil sözündən istifadə olunur. Ona görə də lazım şəklinin inkarında şəxsə və kəmiyyətə görə dəyişən hissə deyil sözü olur. Məsələn:

  • I gəl-əsi-yəm gəl-əsi deyil-əm gəl-əsi-yik gəl-əsi deyil-ik
  • II gəl-əsi-sən gəl-əsi deyil-sən gəl-əsi-siniz gəl-əsi deyil-siniz
  • III gəl-əsi-dir gəl-əsi deyil gəl-əsi-dirlər gəl-əsi deyil-lər

Lazım şəklinin inkarının III şəxsinin təkində şəxs şəkilçisi olmur.

Əsasən -ası-əsi şəkilçisi ilə işlənir.

Şərt şəkli

Feilin şərt şəkli hərəkətin icrasının müəyyən şərtlə bağlı olduğunu bildirir və feillərə -sa,-sə şəkilçisi artırmaqla düzəlir. Məsələn:

  • I qaç-sa-m qaç-sa-q gör-sə-m gör-sə-k
  • II qaç-sa-n qaç-sa-nız gör-sə-n gör-sə-niz
  • III qaç-sa qaç-sa-lar gör-sə gör-sə-lər

Bu şəklin də inkarı -ma2 şəkilçisi ilə düzəlir. Məsələn: get-mə-sə-m, yaz-ma-sa-n, bil-mə-sə və s.

Şərt şəklində olan feillərdən əvvəl bəzən əgər bağlayıcısı da işlənir. Məsələn: əgər bil-sə-m; əgər get-sə-n; əgər oxu-sa. Şərt şəklinin III şəxsinin təkində şəxs şəkilçisi olmur. Şərt şəklində olan feillər müstəqil cümlənin xəbəri ola bilmir, yalnız mürəkkəb cümlədə asılı cümlənin xəbəri olub, hərəkətin icrasını müəyyən şərtlə bağlayır Məsələn: Əgər bizə gəlsən, kitabı gətirməyi unutma. İzahlardan göründüyü kimi, feilin arzu, vacib, lazım və şərt şəkilləri gələcək zamanla bağlı şəkillərdir. Qeyd: Sadə şəkillərdə (formalarda) işlənmiş feillərə -maq2 məsdər şəkilçisi artırmaq olmadığı halda, feilin qrammatik növlərinin sonuna bu şəkilçini artırmaq olur. Məsələn: al-maq (məlum növ), yaz-ıl-maq (məchul növ), yaz-ış-maq (qarşılıq birgəlik növ) və s.

Feilin mürəkkəb şəkilləri

Feilin mürəkkəb şəkilləri sadə şəkillərin üzərinə idi, imiş, isə hissəciklərinin artırılması yolu ilə düzəlir və üç yerə bölünür:

Feilin şəkillərinin hekayəsi feilin sadə şəkillərinə idi hissəciyinin artırılması ilə yaranır.

"İdi" həssəciyi feilin əmr şəklinə və xəbər şəklinin keçmiş zamanına artırıla bilmir. Deməli, əmr şəklində olan feillərdən, eləcə də şühudi keçmiş zaman feillərindən feil şəkilçilərinin hekayəsi yarana bilməz. Qalan şəkillərdən (xəbər şəklinin nəqli keçmiş, indiki zaman, gələcək zamanı, arzu, lazım, vacib və şərt şəkli) isə feil şəkillərinin hekayəsi əmələ gələ bilir. Məsələn: almış idi, alır idi, alacaq idi, almaz idi (xəbər); ala idi (arzu); almalı idi (vacib); alası idi (lazım); alsa idi (şərt).

"İdi" hissəciyi sonu samitlə bitən feillərdə ancaq ayrı yazılır və tələffüzü ilə yazılışı arasında fərq olur. Məsələn: gəlməli idi (gəlməliydi), yazası idi (yazasıydı), bilsə idi (bilsəydi) və s. Feil şəkillərinin hekayəsində şəxs şəkilçiləri idi hissəcəyinə və ya onun şəkilçiləşmiş formasına artırılır. Məsələn:

  • I oxu-malı idi-m gəl-ər-di-k yaz-malı idi-m
  • II oxu-malı idi-n gəl-ər-di-niz yaz-malı idi-n
  • III oxu malı idi gəl-ər-di-lər yaz-malı idi

Feil şəkillərinin hekayəsində işin üç zamandan (keçmiş, indiki, gələcək) birinin daxilində görüldüyü (təsdiqdə) və ya görülmədiyi (inkarda), bu barədəki məlumatın isə sonradan verildiyi bildirilir.

Feil şəkillərinin rəvayəti

Qeyd:

Feil şəkillərinin rəvayəti sadə şəkillərin üzərinə imiş hissəciyinin artırılması yolu ilə yaranır. İmiş hissəciyi sonu samitlə bitən feil şəkillərində iki cür, həm ayrı, həm də şəkilçiləşmiş -mış4 formasında yazılır. Məsələn: ged-əcək-miş, ged-əcək imiş, yaz-ar-mış, yaz-ar imiş və s.

Bu hissəcik (imiş) sonu saitlə bitən feil şəkillərinə qoşulduqda ayrı yazılır, amma bir yerdə tələffüz olunur. Məsələn: gəz-məli imiş (gəz-məliymiş), gül-əsi imiş (gül-əsiymiş) və s.

"İmiş" hissəciyi feilin əmr şəklinəşühudi keçmiş zamana artırıla bilməz.

Feil şəkillərinin hekayəsindən fərqli olaraq, rəvayətində imiş öz qısa variantında bəzən şəxs şəkilçilərindən sonra da artırıla bilər. Məsələn:

  • I al-ır-mış-am al-ır-am-mış
  • II al-ır-mış-san al-ır-san-mış
  • III al-ır-mış al-ır-mış

Feil şəkillərinin rəvayətində III şəxsin təkində şəxs şəkilçi iştirak etmir.

Feil şəkillərinin şərti

Feil şəkillərinin şərti feilin əmr, arzuşərt şəkilləri istisna olmaqla qalan sadə şəkillərinə isə hissəciyini artırmaqla düzəlir. Əsas xüsusiyyətləri aşağıdakılardır:

  • Hekayə və rəvayət şəkillərindən fərqli olaraq, şühudi keçmiş zamanda olan feil isə hissəciyi ilə işlənə bilir. Məsələn: al-dı-sa, yaz-dı-sa, bil-di-sə və s.
  • İsə hissəciyi şəkil və şəxs şəkilçilərindən sonra artırılır. Məsələn: al-mış-am-sa, gəl-miş-sən-sə və s.
  • İsə hissəciyi həm ayrı (al-mış isə), həm də bitişik (al-mış-sa) yazılır.
  • İsə hissəciyi bəzən feil şəkillərinin hekayə və rəvayətindən sonra da işlənə bilir. Məsələn: gəl-ir-di-sə, öyrən-ir-miş-sə və s.

Qeyd: İdi, imiş, isə hissəciklərinin qısaldılmış, şəkilçiləşmiş formaları olan -dı4, -mış4, -sa2 -nı şühudi keçmişin -dı4, nəqli keçmişin -mış4, şərt şəklinin –sa2 şəkilçiləri ilə qarışdırmaq olmaz. Sadə şəkillərin (xəbər, şərt) şəkilçiləri olan -dı4,-mış4,-sa2 feil köklərinə və ya başlanğıc formasına artırıldığı halda, hissəciklərin qısaldılmış formaları feilin sadə şəkillərinə, bu şəkilləri düzəldən şəkilçilərdən sonraya artırılır. Məsələn: al-dı-m, al-mış-am, al-sa-m (sadə şəkillər); al-ır-dı-m, al-ır-mış-am, al-dı-m-sa (feilin mürəkkəb şəkilləri) və s.

idi, imiş, isə hissəciklərinin feil olmayan nitq hissələri ilə işlənməsi

Bu hissəciklər başqa nitq hissələri ilə işləndikdə aşağıdakılar baş verir:

  • İdi, imiş isim, sifət, say və əvəzliklə işləndikdə həmin nitq hissəsi cümlənin ismi xəbəri olur. Məsələn: Əli idi, beş idi, yaxşı imiş, o idi və s. İdi, imiş sözlərdən ayrı yazılır, tələffüz zamanı ahəngə uyğunlaşır və bütöv deyilir. Məsələn: Əli idi (Əliydi).
  • İsə isim, sifət, say və əvəzliklə işləndikdə həmin sözlər müstəqil cümlənin yox, asılı cümlənin xəbərinə çevrilir. Məsələn: Əgər yaxşı isə, özün yaz.

"İsə" müstəqil xəbər əmələ gətirə bilmədiyindən xəbərlik şəkilçisi qəbul edən sözlərdə həmin şəkilçidən sonra gəlir. Məsələn: yaxşıdırsa, fəhləsənsə, şagirddirsə və s.

Təsriflənməyən feillər

Feilin təsriflənməyən formaları. Şəxsə və kəmiyyətə görə dəyişməyən feil formalarına feilin təsriflənməyən formaları deyilir. Bu cür feillər feilin bəzi əsas əlamətlərini (təsdiq-inkar, təsirli-təsirsiz, növ bildirmə) saxlayır, feillərlə yanaşı, ikinci bir nitq hissəsinin də xüsusiyyətini daşıyır. Belə formalar 3-dür: məsdər, feili sifət, feili bağlama.

Məsdər

Həm feilin, həm də ismin əlamətlərinə malik olan sözlərə məsdər deyilir. Məsdər feilin başlanğıc forması üzərinə –maq2 bəzən də -ma2 şəkilçisi artırmaqla düzəlir. Məsələn: bağla-maq, gəl-mək, gülümsə-mək, sezmə, görmə, yazma və s. Məsdər hərəkətin adıdır. Feillər lüğətlərdə məsdər formasında qeyd olunur.

Məsdərin feilə aid əlamətləri aşağıdakılardır:

  • Feil və ondan əmələ gələn məsdər eyni leksik məna bildirir. Məsələn: oxu-oxumaq, yaz-yazmaq, gəl-gəlmək və s.
  • Məsdər də təsdiq və inkar olur. Məsələn: gülmək-gülməmək, get-mək-getməmək, oynamaq-oynamamaq və s.
  • Məsdər də feilin müəyyən qrammatik məna növündə olur. Məsələn: geyinmək (qayıdış növ), yazdırmaq (icbar növ) və s.
  • Məsdər də təsirli və təsirsiz olur. Məsələn: oxumaq (təsirli), bax-maq (təsirsiz) və s.
  • Məsdər də feil kimi ətrafına söz toplaya bilir. Məsələn: kitabı oxumaq, evə getmək, çəpəri sökmək və s.

Məsdərin ismə aid əlamətləri aşağıdakılardır:

  • İsim kimi hallanır və mənsubiyyətə görə dəyişir. Məsələn: oxu-maq, oxumağın, oxumağa, oxumağı, oxumaqda, oxumaqdan (isim kimi hallanması); oxumağım, oxumağın, oxumağı, oxuma-ğı-nız, oxumaqları (mənsubiyyətə görə dəyişməsi).
  • III şəxsdə xəbərlik şəkilçisi (-dır4) qəbul edib cümlədə is-mi xəbər olur. Məsələn: Məqsədim yaxşı oxumaqdır.
  • Qoşmalarla işlənə bilir. Məsələn: yazmaq üçün, yatmaqdan öt-rü, baxmağa görə və s.
  • Cümlənin mübtədası, tamamlığı, ismi xəbəri və zərfliyi ola bilir. Məsələn: Çalışmaq baş ucalığıdır. Bu hadisədən sonra yazmağı ona yasaq etdilər. Sənin işin oxumaqdır. Universitetə qəbul olmaq üçün çox çalışır.

Məsdər digər sözləri tabe edərək məsdər tərkibi əmələ gətirir və məsdər tərkibi bütövlükdə cümlənin mürəkkəb üzvü olur. Məsələn: Yaxşılıq etmək insanın xislətində olmalıdır.

Feili Sifət

Həm feilin, həm də sifətin əlamətlərini daşıyan sözlərə feili sifət deyilir. Məsələn: deyilmiş söz, oxuyan uşaq və s.

Feili sifətin feilə məxsus cəhətləri aşağıdakılardır:

  • Zaman mənası bildirir. Məsələn: yazılmış məktub (keçmiş zaman), yazılacaq məktub (gələcək zaman), yazılan məktub (indiki zaman) və s.
  • Təsirli və ya təsirsiz olur. Məsələn: yazan uşaq (təsirli), gülən uşaq (təsirsiz)
  • Növ bildirir. Məsələn: çalınan zəng (məchul növ), savaşan qoşunlar (qarşılıq növ) və s.
  • Təsdiq və ya inkar olur. Məsələn: yazılmış məktub (təsdiq), yazılmamış məktub (inkar).
  • Ətrafına sözlər toplaya bilir. Məsələn: İşinə vicdanla yanaşan mühəndis.

Feili sifətin sifətə məxsus cəhətləri aşağıdakılardır:

  • Əlamət bildirir
  • Necə? nə cür? hansı? suallarına cavab verir
  • Aid olduğu ismin əvvəlində gəlir
  • Cümlədə təyin vəzifəsində işlənir
  • Xəbərlik şəkilçisi (-dır4) qəbul edərək ismi xəbər olur.

Feili sifət düzəldən şəkilçilər aşağıdakılardır:

  1. –mış4. Məsələn: yazıl-mış məktub, quru-muş ağac (mış4 şəkilçisi keçmiş zaman mənalı feili sifət əmələ gətirir).
  2. –dıq4. Bu şəkilçi mənsubiyyət şəkilçisi ilə işlənir və keçmiş zaman mənalı feili sifət əmələ gətirir. Məsələn: yaz-dığ-ım məktub, gör-dü-yüm iş, oxu-duğ-u mahnı.
  3. -yan2. Məsələn: ağla-yan uşaq.
  4. –an2. Bu şəkilçi vasitəsilə indiki zaman mənalı feili sifətlər əmələ gəlir. Məsələn: qaç-an at, oxu-yan bülbül və s.
  5. –acaq2, -ası2, -malı2. Bu şəkilçilərlə gələcək zaman mə-na-lı feili sifətlər yaranır. Məsələn: deyil-əsi söz, gəl-əcək qonaq, yeyil-mə-li meyvə.

Qeyd.

a) Feildən düzələn sifətlər ancaq sifətin (gül-əyən uşaq, az-ğın , qorx-unc hadisə və s.), feili sifətlər isə həm sifətin, həm də feilin əlamətlərini daşıyır (deyil-əcək söz, gül-ən adam, yeyil-məli çörək və s.)

b) –mış2, -acaq2 şəkilçisi qəbul etmiş sözlər şəxs şəkilçisi qəbul etdikdə feil (yaz-mış-am, yaz-acaq-san və s.), qəbul edə bilmədikdə feili sifət olur (yazıl-mış məktub, yazıl-acaq məktub və s.)

Feili sifət onunla əlaqəyə girən sözlə birlikdə feili sifət tərkibi əmələ gətirir. Bu cür birləşmələr feili birləşmələr adlanır və cümlənin mürəkkəb üzvü olur. Məsələn: Gündəlik dərsləri oxu-yan-lar imtahanda çətinlik çəkməzlər.

Sifət və saylar kimi, bəzən feili sifətlər də isimləşə, substantivləşə bilir və bu zaman feili sifətlər sifətin suallarına deyil, ismin suallarına cavab verir. Ən çox –acaq2, -mış2, -an2, -malı2 şəkilçisi ilə düzələn feili sifətlər isimləşir.

Feili bağlama

Həm feilin, həm də zərfin xüsusiyyətlərini daşıyan sözlərə feili bağlama deyilir.

Feili bağlamanın feilə aid xüsusiyyətləri aşağıdakılardır:

  • Feillə eyni leksik məna daşıyır, leksik məna dəyişmir.
  • Təsirli və təsirsiz olur: al-ıb (təsirli), otur-anda (təsirsiz)
  • Təsdiq və ya inkar olur: al-dıqda, al-ma-dıqda
  • Məna növlərində (məlum, məchul, qayıdış və s.) olur
  • Ətrafına söz toplaya bilir (səni görəndə, məktubu alanda)

Zərfə aid olan xüsusiyyətləri aşağıdakılardır:

  1. Hərəkətin tərzini, zamanını, səbəbini və s. bildirir.
  2. Zərfin suallarına (necə? nə zaman? nəyə görə? və s.) cavab olur.
  3. Əlaqəyə girdiyi sözlə birlikdə cümlənin zərfliyi olur.

Feili bağlama şəkilçiləri:

  • –ıb2. Bu şəkilçi ilə düzələn feili bağlamalar işin əsas feildəki işdən əvvəl icra olunduğunu, eyni zamanda hərəkətin tərzini və səbəbini bildirir. Məsələn: Süleyman ali məktəbi bitirib, Zəngilan və Cəbrayıl rayonlarında bir neçə il işləmişdi. O, bardaş qurub taxtda oturdu və s.
  • –araq2. Bu şəkilçi ilə düzələn feili bağlamalar mənasına görə –ıb4 şəkilçisi ilə düzələn feili bağlamalara oxşardır. Hirslən-ərək, gül-ərək, yan-araq və s.
  • –a2, -a2. Eyni formanın təkrarı ilə düzələn belə feili bağlamalar daha çox tərz mənası bildirir. Məsələn: danış-a – danış-a, gör-ə – gör-ə və s.
  • –madan2. Bu şəkilçi ilə düzələn feili bağlamalar hərəkətin tərzini bildirir. Məsələn: hazırlaş-madan, düşün-mədən və s.
  • -mamış2. Bu şəkilçi -madan2 şəkilçisinin sinonimi kimi çıxış edir və daha çox əsas feili şərt baxımından izah edir: Oxumamış (oxumadan) getmə
  • –anda2. al-anda, oxu-yanda, qal-anda, ver-əndə, yaz-anda;
  • –dıqda2. al-dıqda, gəl-dikdə, gör-dükdə;
  • –arkən2. al-arkən, gəl-ərkən,
  • –ınca2. al-ınca, gəl-incə
  • –dıqca2. Al-dıqca, gəl-dikcə
  • –ar, -maz2 Qoşa işlənən feilin biri –ar2 (təsdiq), digəri –maz2 (inkar) şəkilçisi ilə işlənmiş olur. Məsələn: oxu-yar – oxu-maz, yat-ar – yat-maz və s.

Feili bağlama və onunla əlaqəyə girən söz feili bağlama tərkibi əmələ gətirərək cümlənin mürəkkəb üzvü olur. Məsələn: Məhinbanu dayananda Məmmədrəfi otaqdan çıxmışdı.

Feili bağlama cümlənin həmcins xəbəri olduqda ondan sonra vergül qoyulmalıdır. Məsələn: Anam qapını açıb, həyəcanla içəri daxil oldu.

Həmçinin bax

Xarici keçidlər