Type a search term to find related articles by LIMS subject matter experts gathered from the most trusted and dynamic collaboration tools in the laboratory informatics industry.
Antifaşist hərəkatı (it. Antifascismo) - XX əsrin 20-ci illərində Almaniyada Nasional-Sosialist Partiyasına və digər ifrat sağ terrorçu qruplara qarşı meydana gəlmişdir. 1921-ci ildə İtaliyada faşistlərin hücumuna cavab olaraq genişləndi. Antifaşist hərəkatı daha sonra diktatura rejimi yaradılan Macarıstan, Bolqarıstan, Polşada da vüsət aldı. 1923-cü ildə Bolqarıstandakı Sentyabr antifaşist üsyanı digər ölkələrdə ki antifaşist hərəkatının təcrübəsini zənginləşdirdi. Bir müddət sonra antifaşist hərəkatı Polşada Yozef Pilsudski sanasiya rejiminə qarşı genişləndi. 1923-cü ilin mart ayında Frankfurt-Maynda konfrans keçirildi, hərbi təhlükə və faşizmə qarşı K.Setkin, F.Hekkert və Anri Barbüsün başçılığı ilə Beynəlxalq komitə yaradıldı. Antifaşist hərəkatı 1932-ci ildə Antifaşist aksiya adlanan kampaniyanın başlamasıyla ən yüksək mərhələyə çatdı. Antifaşist qüvvələrin səyi nəticəsində 1932-ci ilin sonlarında Almaniyada faşist hərəkatı zəiflədi. Sosial-demokratların liderlərinin kommunistlərlə əməkdaşlıq etməməsindən istifadə edən alman inhisarçıları 1933-cü ilin yanvarında Adolf Hitleri hakimiyyət başına gətirdilər.
1933-cü ildə Parisdə Avropa antifaşist konqresi keçirildi. Dimitrovun 1933-cü ildə Leypsiq muhakiməsindəki çıxışı antifaşist hərəkatı iştirakçılarının faşimzlə mübarizəyə səfərbər edilməsində mühüm əhəmiyyətə malik idi. Antifaşist hərəkatına məşhur yazıçılar Anri Barbüs, Romen Rollan, Tomas Mann, Herbert Uells, Maksim Qorki və rəssamlardan Pablo Pikasso qoşuldular. 1934-cü ilin fevralında Fransada baş verən faşist qiyamı cəhdi antifaşist hərəkatı nəticəsində uğursuz oldu. 1935-ci ildə yazıçıların Parisdə mədəniyyətin müdafiəsinə həsr edilmiş Beynəlxalq antifaşist konqresi keçirildi. 1935-ci ildə Fransada yaradılan Xalq Cəbhəsinə həm kommunist və sosialist partiyaları, həm də sol burjua siyasi təşkilatları daxil oldu.
Faşizmə qarşı gizli və leqal mübarizə üsullarının əlaqələndirilməsi xüsusilə İtaliyada antifaşist hərəkatına müsbət təsir göstərdi. 1934-ci ildə kommunist və sosialist partiyaları faşist diktaturasının devrilməsi üçün birgə hərəkat haqqında saziş bağladılar. Terrora baxmayaraq Almaniyada antifaşist hərəkatı zəifləmirdi. İspaniya xalqının Milli inqilabi müharibəsi (1936–1939) antifaşist hərəkatı tarixinin ən parlaq səhifələrindəndir. İspaniyanın müdafiəsində beynəlmiləl briqadaların mühüm rolu olmuşdur. Almaniya və İtaliyanın İspaniyaya müdaxiləsi, habelə İngiltərə, Fransa, ABŞ hakim dairələrinin qarışmamazlıq siyasəti pərdəsi altında təcavüzkarlara havadarlıq etməsi İspaniya mübarizlərinə faşizm üzərində qələbə çalmağa imkan vermədi. Lakin İspaniyada antifaşist mübarizəsinin təcrübəsi sonralar antifaşist hərəkatının genişlənməsində əhəmiyyətli rol oynadı. İkinci dünya müharibəsinin başlaması ilə antifaşist hərəkatı müqavimət hərəkatına çevrildi.