Ağaverdi Paşayev
Ümumi məlumatlar
Doğum tarixi (74 yaş)
Doğum yeri Bakı, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
Uşağı Sahib Paşazadə
Musiqiçi məlumatları
Fəaliyyəti dirijor, bəstəkar
Fəaliyyət illəri 1966—h.h.
Mükafatları "Azərbaycan Respublikasının xalq artisti" fəxri adı — 2008"Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi" fəxri adı — 2005
"Şöhrət" ordeni"Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı

Ağaverdi Ağaəli oğlu Paşayev (27 oktyabr, 1950, Bakı, Azərbaycan SSR) — azərbaycanlı dirijor, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi, xalq artisti, professor (1999), Şöhrət ordeni laureatı (2016).

Həyatı

Ağaverdi Ağaəli oğlu Paşayev 1950-ci il oktyabrın 27-də Bakıda anadan olub. Erkən yaşlarından musiqiyə böyük məhəbbət bəslədiyini görən atası ona balaca bir tar alıb. 1960-cı ildə, atası onu 12 saylı musiqi məktəbinin tar sinfinə qoyur. Burada onun ilk tar müəllimi Nadir Əhmədov, sonra isə Ağasaleh Abasəliyev olur. Hələ 12 saylı musiqi məktəbinin III sinfində oxuyarkən Respublikada "Oxu tar", "Sən nəğmələr qoş", "Oxu bülbül" adı altında keçirilən müsabiqələrdə iştirak edərək, laureat olub. Daha sonra VI, VII Ümumrespublika müsabiqələrində qalib olması da məhz onun ilk sənət uğurlarıdır. Bu istedadın sayəsində Ağaverdi Paşayev o vaxtlar, yəni keçən əsrin 60-cı illərində Azərbaycan radiosunda uşaqlar üçün hazırlanan "Ulduz" proqramının tez-tez qonağı olar və öz mahir ifaları ilə uğurlu çıxışlar edərmiş. Ulu tar alətində ifaçılığı püxtələşdikcə gənc Ağaverdinin bu sənətə sevgisi daha da artırdı. Tara məhəbbəti, sənətə sevgisi sayəsində o, 1966-cı ildə A. Zeynallı adına Musiqi Texnikumunun (indiki Musiqi Kolleci) tar sinfinə daxil olur. Burada da sənət müəllimləri Ağasaleh Abasəliyev və Elxan Müzəffərovdan dərs alır. Ağaverdi Paşayevi sənət uğurları elə erkən yaşlarından izləyib. 1971-ci ildə təhsilini uğurla başa vuraraq Ü. Hacıbəyli adına Dövlət Konservatoriyasına (indiki Bakı Musiqi Akademiyası) daxil olur. Burada o, tar ixtisası üzrə Kamil İbrahimovdan sənətin incəliklərini mənimsəyir. Bu illər gənc Ağaverdinin həyatında böyük dönüşlər yaradır. Gənclik təravəti sanki onun həyatına xüsusi gözəlliklər qataraq böyük sənət eşqi ilə ruhlandırır, o, daha böyük uğurlara can atır. Eyni zamanda, onda musiqi sənətinin daha bir qoluna maraq yaranır. Hələ musiqi texnikumunda oxuyarkən dirijorluqdan dərs alıb. Konservatoriyanın ikinci kursunu bitirdikdən sonra ərizə ilə rektor Soltan Hacıbəyova müraciət edib. İmtahan komissiyasının müsbət qiymətləndirilməsilə dirijorluq fakültəsinə keçməyinə razılıq verilib. Sonrakı təhsil illərində Nicat Məlikovdan dərs alıb. 1976-cı ildə Konservatoriyanı bitirib hərbi xidmətə çağırılan zaman hərbi orkestrdə qulluq etməli olur hərbi orkestrin dirijoru olur.1979-cu ildən Ü. Hacıbəyli adına Dövlət Konservatoriyasına (indiki Bakı Musiqi Akademiyası) pedaqoji fəaliyyətə başladığı dövrdən həm də İncəsənət İnstitutunda (indiki Mədəniyyət və İncəsənət Universiteti) "Xalq çalğı alətləri" kafedrasında dirijorluq fənnindən dərs deyib, tələbələrdən ibarət xalq çalğı alətləri orkestri yaradıb. O, bu təşəbbüsü 1994-cü ildən fəaliyyət göstərdiyi Bülbül adına Orta İxtisas Musiqi Məktəbində də həyata keçirərək burada da həm müəllimlik edib, həm də uşaq orkestri yaradıb.

Dövlət Filarmoniyasının nəzdində fəaliyyət göstərən Dövlət Xalq Çalğı Alətləri Orkestrinin yaranması da məhz Ağaverdi Paşayevin bu istiqamətdə yüksək peşəkarlığının sayəsində mümkün olub.1999-cu ilin sentyabrında o, Filarmoniyada fəaliyyət göstərən Dövlət Mahnı və Rəqs Ansamblına rəhbər təyin edilir. Bir neçə ay bu kollektivlə işlədikdən sonra ona Dövlət Xalq Çalğı Alətləri Orkestrini yaratmaq təklif edilir. 2000-ci il martın 7-si indiki Heydər Əliyev Sarayında Beynəlxalq Qadınlar Gününə həsr olunan böyük bir tədbir keçirilirdi. Orkestr də həmin tədbirdə iştirak edirdi. Bu, Dövlət Xalq Çalğı Alətləri Orkestrinin ilk konsert çıxışı idi. Tədbirdə iştirak edən Heydər Əliyev konsertdən sonra adəti üzrə səhnə arxasına gələrək sənətkarlarla görüşüb öz fikir və tövsiyələrini bildirdi. Ağaverdi müəllimə və orkestr haqqında da çox gözəl fikirlər söylədi. Azərbaycanda Xalq Çalğı Alətləri Orkestrinin yaranma tarixindən və bu işdə xidmətləri olan sənətkarlardan, dahi Üzeyir bəydən, Müslüm Maqomayevdən, Səid Rüstəmovdan və başqa bəstəkarlardan danışaraq sanki orkestrin tarixini vərəqlədi. A. Paşayevin repertuarına Azərbaycan və xarici ölkə bəstəkarlarının Xalq Çalğı Alətləri orkestri üçün orijinal əsərləri və işləmələr daxildir; yeni əsərlərin ilk ifaçısı və uğurlu təfsirçisi kimi tanınmışdır. Onun repertuarında klassik bestekar eserleri, xalq mahnıları solist və orkestr üçün işləmələri də mühüm yer tutur. SSRİ Xalq artistləri L. İmanov, F. Qasımova, Azərbaycanın xalq artistləri İ. Quliyeva, X. Qasımova, A. Zeynalov, S. Cəfərov, tarzən R. Quliyev, Kaman ifaçısı H. Əliyev, xanəndələr A. Babayev, A. Qasımov, M. İbrahimov, Q. Quliyeva, N. Teymurova, A. Bayramova, G. Məmmədova, M. Eyyubova və b. muğam dəstgahları A. Paşayevin idarəsilə Xalq Çalğı Alətləri orkestrinin müşayiətilə ifa etmişlər. A. Paşayevin oğlu Sahib Paşazadə tarzəndir, Respublikanın əməkdar artistidir, Prezident mükafatçısıdır. Beynəlxalq və respublika müsabiqələri laureatı, AMK-nın dosentidir. "Muğam — 2007,2011,2013,2015,2017" televiziya müsabiqələrində gənc xanəndələri müşayiət etmişdir. 2017-ci ildə Özbəkistanda keçirilən 70 ölkənin iştirak etdiyi "Beynəlxalq Şərq Təranələri" müsabiqəsində ən yüksək "Qran Pri" mükafatına layiq görülmüşdür. Milli musiqimizin inkişafında böyük xidmətləri olan A. Paşayevin əməyi dəfələrlə yüksək təltiflərlə qiymətləndirilmişdir.

Mükafatları

  • Azərbaycan "Əməkdar İncəsənət Xadimi" fəxri adı[1]
  • Azərbaycan Prezident mükafatı 2002[2]–2008[3]-ci illərdə Prezident mükafatçısı
  • Azərbaycan "Xalq artisti" fəxri adı (2008)[4]
  • Azərbaycan "Şöhrət" ordeni (2016)[5]
  • İran "Qızıl Cəng" Beynəlxalq mükafatı laureatı (2003,2004)
  • "Humay" mükafatı laureatı(2 dəfə)
  • "TÜRKSOY"-un 20 illik yubiley medalı
  • Şəki, Yevlax, Astara şəhərlərinin fəxri vətəndaşı
  • Azərbaycan Azərbaycan Respublikasının Prezidentinin fərdi təqaüdü (2009)[6]

İstinadlar

  1. e-qanun.az. "Azərbaycan Respublikasının mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). E-qanun.az. 23.05.2023. 16.09.2005 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-23.
  2. Azertag.Az. "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). Azertag.az. 23.05.2023. 26.07.2002 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-23.
  3. e-qanun.az. "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). E-qanun.az. 23.05.2023. 07.05.2008 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-23.
  4. e-qanun.az. "Azərbaycan Respublikasının mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). E-qanun.az. 23.05.2023. 17.09.2008 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-23.
  5. Azertag.Az. "A.A.Paşayevin "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). Azertag.az. 23.05.2023. 22.09.2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-23.
  6. e-qanun.az. "Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdlərinin verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). E-qanun.az. 23.05.2023. 06.05.2009 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-23.