Informatics Educational Institutions & Programs
Film İstehsalı Aktı, Hays Qanunu, Hays kodeksi və ya Hays Qaydaları Hollivudda 1924-1966-cı illər arasında qüvvədə olmuş özünüsenzura tətbiqi idi[1][2].
Filmlərin gənclərə əxlaqsızlıq aşıladığı ilə bağlı mühafizəkar dairələrin illərdir apardığı qarayaxma kampaniyası nəhayət Hollivudu ehtiyat tədbirləri görməyə vadar etmişdir. 1922-ci ildə MPPDA (Motion Picture Producers and Distributors of America/Amerika Kino Filmləri İstehsalçıları və Distribyutorları) yaradılmışdır. Təşkilatı yaradanlar kino aləmindən kənar bir adamı təşkilatın rəhbərliyinə gətirmək qərarına gəlirlər. Bu şəxs dindar, vətənini sevən, siyasətçilərlə yaxşı münasibətlərdə olan biri olmalı idi. William Harrison Hays ildə 150 min dollar kimi çox yüksək bir maaşla bu vəzifəyə təyin edilir. Ştatdan ştata dəyişən və bir çox filmin qadağan edilməsinə səbəb olan senzuradan qaçmaq üçün o, “özünüsenzura”ya əl atdı.
1924-cü ildə kinoprodüserlər çəkəcəkləri filmlərin mövzu xülasəsini Haysın Ofisinə (Hays Office) göndərmək məcburiyyətində buraxıldılar. İki ildən sonra isə Studiya ilə əlaqələr departamenti (Studio Relations Department) yaradılmışdır. Bu departamentdə studiyaların nələrə diqqət etməli olduğuna dair əsasnamə hazırlanmışdır. Beləliklə də filmlərdə, çılpaq kişi və qadın bədənlərini göstərmək, narkotik maddələrdən istifadəni və ya onların alverini nümayiş etdirmək, cinsi azğınlıqlar haqqında danışmaq, ruhaniləri aşağılamaq, Allah, İsa sözlərini dini kontekstdən kənar hallarda işlətmək qadağan edilmişdir. 1930-cu ildə isə qısaca “Hays Qanunu” (İngiliscə: Hays Code) kimi tanınan Kino Film İstehsalat Kodeksi (Motion Picture Production Code) hazırlanmışdır. Bütün studiyalar tərəfindən qəbul edilən qanun, Motion Picture Herald jurnalının direktoru Martin Quigley və Cizvit keşişi Daniel A. Lord tərəfindən hazırlanmışdır. 1930-cu il martın 31-də qüvvəyə minən qanun 1966-cı ilə qədər qüvvədə qalmış və Amerika kinosunun istiqamətləndirilməsində həlledici rol oynamışdır. İki hissədən ibarət olan qanun adi tamaşaçıların reaksiyasına səbəb olmayan, senzura tələb etməyən, Hollivud məhsullarının adına ləkə gətirməyən filmlərin çəkilmə qaydalarını müəyyən edirdi.
Qanunun əsas prinsipləri aşağıdakılardan ibarət idi:
- Tamaşaçının mənəviyyatını alçaldan filmlər çəkilə bilməz, ona görə də cinayəti, xətanı, pislik və günahı tərənnüm etmək olmaz.
- Tamaşaçılara vicdanlı həyat standartları təqdim olunmalıdır.
- Müqəddəs əmrləri və ya insan qanunlarını məsxərəyə qoymaq olmaz, onlara qarşı çıxmaq isə təriflənə bilməz.
- Cinsiyyət mövzusunda çılpaqlıq, seks səhnələri, homoseksuallıq, müxtəlif irqlərdən olan insanlar arasındakı cinsi əlaqə, zina, qohumluq əlaqəsi, fahişəlik, striptiz, abort, cinsi hisslərin oyanmasına səbəb olan rəqslərin və səhnəyə müvafiq olmayan geyimlərin geyinilməsi əsas qadağalar idi.
- Qeyri-qanuni hərəkətlər mövzusunda şiddətə yer verən qətllər, narkotik vasitələrin qanunsuz dövriyyəsi, qisas alma, cinayətin necə törədilə biləcəyini göstərmək qadağan edilmişdir.
- Dini inancları və ruhaniləri alçaltmaq qadağan edilmişdir.
- Dövlət bayrağını təhqir etmək, tarixi təhrif etmək, dövlət orqanlarını və xalqın nümayəndələrini aşağılamaq qadağan edilmişdir.
- Uşaqlara və heyvanlara qarşı zorakılıq tətbiq etmək, insanlarda qorxu və vəhşət yaradan səhnələr çəkmək, cərrahiyyə əməliyyatlarını açıq formada nümayiş etdirmək qadağan edilmişdir.
- Həm də filmin adı düzgün olmalı idi.
Hays kodeksi həm dini, həm də siyasi dairələrin təzyiqlərinin qarşısını almaqla puritan cəmiyyətinin prinsiplərinə zidd olmayan filmlər hazırlamağı qarşısına məqsəd qoymuşdu.
Qanunda nəzərdə tutulmuş konkret sanksiya mövcud deyildi. Lakin qanunun prinsiplərinə əməl edilməyərək çəkilən film həm dövlət senzurasına, həm də distribyutorların boykotuna məruz qoyulurdu. Üstəlik, belə bir film Oskar mükafatına da namizəd ola bilməzdi. Qeyd etmək lazımdır ki, qanun Amerika kinosunda çox geniş bir formada istifadə olunan seksuallığı və zorakılığı tamamilə qadağan etmir, əksinə onu məhdudiyyətlər daxilində saxlayırdı.