Polibi
q.yun. Πολύβιος
Doğum tarixi ən geci e.ə. 199[1]
Vəfat tarixi ən tezi e.ə. 133[1]
Vəfat yeri
Fəaliyyəti tarixçi, hərbi qulluqçu, yazıçı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Polibi (q.yun. Πολύβιος— Polybius; ən geci e.ə. 199[1]ən tezi e.ə. 133[1], Yunanıstan) — Yunan tarixçisi və sərkərdəsi.

Həyatı

Qədim yunan tarixçisi və mütəfəkkiri Polibi e.ə. 200-cü ildə anadan olmuşdur. Romalılar tərəfindən 16 il girov saxlanılmış Polibi öz bacarıq və qabiliyyəti sayəsində dövlət xadimi və sərkərdə səviyyəsinə qalxa bilmişdir. O, Roma sərkərdəsi Ssipionla birlikdə Afrika sahillərində hərbi səfərlərdə olmuş, I Pun müharibəsində iştirak etmişdir. Vətəni Yunanıstanla Roma arasındakı müharibədə Korinf məğlubiyyətindən sonra həmvətənlərinə hər cür köməklik göstərməyə çalışmışdır. Buna baxmayaraq Roma əzəmətinin qızğın tərəfdarı olan Polibi 40 cildlik "Yeni tarix" əsərində Romanın dünya hökmranlığına can atmasını əsaslandırmağa çalışmışdır. Təəssüf ki, bu əsərin yalnız beşinci cildi, 6–18-ci cildlərin xeyli hissəsi və qalan cildlərdən isə yalnız fraqmentlər qalmışdır. Bir çox siyasi hadisələrdə və müharibələrdə bilavasitə iştirakı, dövlət arxivindən geniş istifadə etməsi Polibinin əsərinə əvəzsiz keyfiyyətlər bəxş etmişdir.

Polibinin əsərində Aralıq dənizi ölkələrinin tarixi, Romanın dövlət quruluşu və ordusunun tərkibi, Yunanıstanın siyasi inkişafı, Roma-KarfagenRoma-Yunanıstan müharibələrinin gedişi təsvir olunmuşdur. Ancaq bu kitabların mühüm hüssələri itib-batdığından hadisələri ardıcıllıqla izləmək qeyri-mümkündür. Polibinin bir tarixçi kimi böyüklüyü ondadır ki, o, hadisələrin yalnız xronoloji təsvirini verməklə kifayətlənməmiş, onların məntiqi əlaqələrini və səbəblərini də aydınlaşdırmağa çalışmışdır. Bu nənada o, antik dünyanın ən praqmatik tarixçisidir. Polibi də Aristotel kimi hər hansı dövlət hakimiyyətinin üç forması olması fikrini irəli sürür: monarxiyalı, aristokratiyalı və nəhayət, demokratiyalı dövlət. Hər hansı dövlətdə bu üç cəhət birləşərsə, Polibinin fikrincə. o ən ədalətli və faydalı dövlət sayıla bilər.

Müasirləri və ondan sonra gələn tarixçilər Polibinin əsərinə çox yüksək qiymət vermişlər. Posidoni isə onun əsərinin davamını yazmışdır.

Polibi e.ə. 120-ci ildə vəfat etmişdir.

Fəlsəfəsi

Polibi adlı bir görkəmli yunan bu işdə romalılara, hətta kömək etdi. Çünki Polibi aristokratizmdən xali olan demokratik azadlığı qəbul etmirdi, aristokratik zəmindən və dəyərlərdən qopub ayrılmayan azadlığı qəbul edirdi.

Buna görə də onun demokratiya anlamı bir qədər fərqli idi və bu anlam onun "Demokratiya nədir?" sualına verdiyi cavabda konkretləşdirilmişdi: "Çoxları onu anarxiya kimi başa düşür. Yəni kimin ürəyi nə istəsə edə bilər. Əslində isə o dövlət demokratik sayılmalıdır ki, onda tanrılara etiqad, valideynlərə hörmət, böyüklərə ehtiram, qanunlara isə itaət ululardan qalıb və bütün bunlarla yanaşı son həlledici söz xalqın əksəriyyətinə məxsusdur".

Polibi, əlbəttə ki, zadəgan ruhuna ən çox uyğun gələn dövlət forması olaraq aristokratiyanın əhəmiyyətini yuxarıda göründüyü kimi inkar etmirdi, lakin bu əhəmiyyəti mütləqləşdirmirdi də. O, aristokratiyanın, eləcə də, demokratiyanın tarixi əhəmiyyət daşıdığını qeyd edir və bu əsasda da öz siyasi nəzəriyyəsini irəli sürürdü. O, belə hesab edirdi ki, öz-özlüyündə tam kamil olan bir dövlət forması yoxdur. Dövlət yalnız o zaman kamil olur ki, bütün dövlət formalarının ən müsbət cəhətlərini özündə cəmləşdirsin. Polibi düşünürdü ki, Sparta dövləti ona görə güclü idi ki, Likurq onu ilk dəfə məhz bu üsulla yaratmışdı. Polibinin sözlərinə görə, təbiətin öz qanunlarına uyğun olaraq hakimiyyət formaları dəyişir, bir-birini əvəz edir və yenidən əvvəlki vəziyyətinə qayıdır.

Bu qanunauyğunluğu ümumi cizgilərdə Polibi təxminən belə izah edirdi: Ayrı-ayrılıqda öz acizliklərini hiss edən fərdlərin yekcins kütlədə birləşməsi təbii prosesdir. Bu zaman öz fiziki gücü, qorxmazlığı ilə başqalarından seçilən bir nəfər kütlənin rəhbərinə və hökmdarına çevrilir. Beləliklə, çar hakimiyyəti yaranır və bu zaman idarə olunanlar hakimiyyəti bir nəfərə könüllü olaraq güzəştə gedirlər. Bu halda onlar zor və qorxudan daha çox idraka tabe olmuş olurlar. Ali hakimiyyəti əlində saxlayıb ölkəni idarə edən şəxs isə öz xalqının iradəsi ilə razılaşırsa, hər kəsi, təbəələrinin fikrincə, əməllərinə görə qiymətləndirirsə, yəni fəzilət sahiblərini mükafatlandırıb, pis işlər görənləri isə cəzalandırırsa, onda xalq da qorxudan daha çox ağılın itaətində durur, hətta qocalığına baxmayaraq yekdilliklə həmin başçını müdafiə edir, onu taxtdan salmaq istəyənlərə qarşı daima mübarizə aparır. Təxminən bu yolla idarə edilən, ağlın və cəsarətin zoru əvəz etdiyi cəmiyyətdə hökmdar da nəzərə çarpmadan şaha çevrilir. Deməli, hər şeydən öncə öz-özünə heç bir plan olmadan təkhakimiyyətlilik meydana gəlir. Və sonradan isə onun daxilində nizam-intizam yaratmaq, düzəlişlər etmək yolu ilə şahlıq yaranır. Çünki xalq təkcə bu cür hökmdarların özlərini deyil, onların nəvə-nəticələrini də hakimiyyətdə uzun müddət qəbul edir, ona görə ki, ağılın və əsl-nəcabətin irsən keçməsinə inanır. Qədimlərdə bir dəfə şah seçilən kəs qocalana qədər taxtda otururdu. Hakimiyyətdə olduğu müddətdə sədlər çəkdirmək, əlverişli məntəqələri möhkəmləndirmək, yeni torpaqlar tutmaq kimi qayğılarla məşğul olan hökmdarlar dedi-qoduya, həsədə məruz qalmırdılar. Çünki istər geyimlərində, yeyib-içməklərində, istərsə də yaşayış tərzlərində xalqla onların arasında heç bir fərq olmurdu və həmişə də xalqla ünsiyyət saxlayırdılar. Onlar sonradan isə belə bir qərara gəldilər ki, öz təbəələri kimi geyinmək daha hökmdara yaraşmaz, ən gözəl güzəran, ən zəngin süfrələr ancaq onlarınkı olmalıdır, ədəb qaydaları isə yalnız sadə camaat üçün qoyulmuşdur. Beləliklə, şah üsul-idarəsi təkhakimiyyətlilik baxımından öz təbiətinə yaxın olan eybəcərləşmiş formaya, yəni tiraniyaya keçməyə başlayır. Əgər hökmdarların malik olduqları və getdikcə daha çox əldə etdikləri imtiyazlar adamlarda həsəd və narazılıq doğururdusa, onların kişi-qadın münasibətlərindəki qadağanlara etinasızlıq göstərməsi adamlarda qarşısını heç nəyin ala bilməyəcəyi qəzəb və nifrət selini coşdururdu. Nəticədə xalqın hakim dairələrə qarşı üsyanı başlayırdı. Xalqın hakim dairələrə qarşı mübarizəsinə isə vətəndaşların heç də ən pis olanları deyil, ən nəcib, məğrur və qorxmaz olanları başçılıq edirlər. Çünki məhz belələri başqalarının özbaşınalığına hamıdan az dözürlər. Elə ki, üsyançı dəstələr onları özünə rəhbər kimi qəbul edib, arxasında möhkəm dayanır, onda şah və mütləqiyyət üsulu ləğv edilir. Onu istibdadın pəncəsindən xilas etməsinə sanki minnətdarlıq əlaməti olaraq xalq dərhal çevrilişin sahibkarlarını hakimiyyəti ələ almağa çağırır və öz talelərini onların ixtiyarına verir. Tiraniyanın xarabalıqları üzərində aristokratiya yüksəlir. Daha sonra aristokratiya da təbiətin qanunu ilə oliqarxiyaya çevriləndə və qəzəblənmiş xalq hakimiyyətə qarşı ayağa qalxanda demokratiya doğulur. Bəzilərini məhv, bəzilərini isə sürgün etdikdən sonra vətəndaşlar özlərinə hökmdar seçməyə daha cürət etmirlər. Səbəb də budur ki, əvvəlki zalım şahlardan gözləri qorxub, eyni zamanda, öz həyatlarını, hətta yaxşı tanıdıqları bir neçə şəxsə də etibar etməkdən çəkinirlər. Çünki dünənki oliqarxlardan çəkdikləri hələ də gözləri önündən getmir. Artıq heç kəsə inamı qalmayan xalq yeganə çıxış yolunu özündə görür, beləliklə də oliqarxiyanı demokratiya ilə əvəz edir, dövlət və onun müdafiəsi qayğısını öz üzərinə götürür. Nə qədər ki, köhnə sistemin həyasızlıq və zorakılıqlarını öz gözləri ilə görənlər hələ sağdır, o vaxtacan yeni quruluş hamını qane edir, bərabərlik və azadlıq çox qiymətləndirilir. Ancaq elə ki, nəsil tamam dəyişir, qurbanlar bahasına qazanılan xalq hakimiyyəti oğullardan nəvələrin əlinə keçir, onda demokratiya dövründə göz açmış, oliqarxiya haqqında yalnız ağızlardan eşidən bu adamlar bərabərlik və azadlıqlarının üstündə daha babaları tək əsmirlər, əksəriyyətdən seçilmək arzusu onların bütün hisslərinə hakim kəsilir. Bu meyl özünü, xüsusilə, varlılarda göstərir. Lakin, hakimiyyətə can atan həmin şəxslər öz qabiliyyət və şəxsi şücaətləri ilə istədiklərinə nail ola bilməyəndə nə yolla olursa-olsun camaatın qılığına girmək, onu şirnikləndirmək məqsədilə pul kisələrinin ağzını səxavətlə açırlar. Yalnız onların sərsəm şöhrətpərəstliyi ucbatından xalq ələ baxan edilir, demokratiya isə uçulub yerini qanunsuzluğun və zorun ağalığına verir. Xalq kütlələrinin ipə-sapa yatmaması, qanunlara qarşı etinasızlığı zaman keçdikcə oxlokratiyanın gəlişini labüd edir. Başqasının hesabına qarnını doydurmağa vərdiş edən kütlə qətllər, sürgünlər törədir, vəhşiliklər edir, başqa xalqları öz əsarəti altına alır.

Polibinin zəmanəsi o dövrün yunan cəmiyyəti üçün öz-özlüyündə təxminən elə Polibinin təsvir etdiyi kimi azğın bir zəmanə idi. Hətta Romanın güclü qanadları da əslində onu bu azğınlıqdan xilas etməmişdi.

Ədəbiyyat

Mətnlər və tərcümələr

Rus dilinə tərcümələr:

  • Полибиевой Военной истории… / Пер. с фр. С. Волчкова. СПб., 1756. (перевод не завершён)
    • Т. 1. 1756. 504 стр.
    • Т. 2. 1763. 490 стр.
  • Полибий. Всеобщая история. / Пер., вступ. ст. и прим. Ф. Г. Мищенко. СПб., 1890–1899.
      • Т. 1. Книги I–V. 1890. CCXLIV, 680 стр.
      • Т. 2. Книги VI–XXV. 1895. 805 стр.
      • Т. 3. Книги XXVI-XL. Указатель. 1899. 786 стр.
    • 2-е изд. Отв. ред. А. Я. Тыжов. (Серия "Историческая библиотека"). СПб.: Ювента, 1994–1995.
      • Т. 1. Книги 1–5. 1994. 496 стр.
      • Т. 2. Книги 6–25. 1995. 424 стр.
      • Т. 3. Книги 26–40. Указатели. 1995. 384 стр.

Başqa tərcümələr:

Tədqiqatlar

  • Мирзаев С. Б. Полибий. (Серия "Из истории политической и правовой мысли"). М.: Юрид. лит, 1986. 108 стр. 25000 экз.
  • Самохина Г. С. Полибий: эпоха, судьба, труд. СПб., Изд-во СПбГУ, 1995. 191 стр. 215 экз. ISBN 5–288-01129-X
  • Фриц К. фон. Теория смешанной конституции в античности: критический анализ политических взглядов Полибия. / Пер. с англ. (Серия "Профессорская библиотека"). СПб.: Издательство СПбГУ, 2007. 419 стр. ISBN 978-5-288-04256-0
  • Əlisa Nicat. Dünya tarixçiləri. Bakı,1998, səh.27–28.

Bədii ədəbiyyat:

  • Немировский А. И. Роман "Полибий" из трилогии "В круге земель". М., 1995.

İstinadlar

Xarici keçidlər