IBM PC/AT <pi-si ey-ti> – (AT – “Advanced Technology” sözlərinin qısaltması) IBM PC kompüterlərinin üçüncü nəsli. 1984-cü ildə IBM 5170 tipli maşın kimi yaradılıb.

AT kompüterinin özəllikləri: • AT şini (AT BUS): AT ana lövhəsi 16-mərtəbəli verilənlər şininə, 24-mərtəbəli ünvan şininə malik idi. Bu da həcmi 16 Mbayt olan operativ yaddaşı ünvanlamağa imkan verirdi (müqayisə üçün: orijinal IBM PC modelində bu, 640 Kbayt idi). Bununla belə, əski nümunəli kartlarla (verilənlər şini ¬– 8 bit, ünvan şini – 20 bit) uyumluluq təmin olunurdu. • 84-klavişli klaviatura: 84-cü klaviş SysRq (System Request) idi; rəqəm klaviaturası əsas klaviş blokundan ayrı yerləşdirilmişdi; Caps lock/Scroll lock/Num lock klavişləri üçün indikator. Sonradan IBM PC/AT kompüterləri 101-klavişli klaviatura ilə təmin olundu. • Verilənləri saxlamaq üçün 1.2 Mbayt tutumu olan disketləri dəstəkləyən 5¼ düymlük disk qurğuları tətbiq olunurdu (keçmiş IBM PC modelində bu tutum 360 Kbaytdan çox deyildi). Tezliklə IBM PC/AT modeli 3½ düymlük disksürənlərlə təchiz olundu. • Tutumu 20 Mbayt olan sərt disk əvvəlki IBM PC/XT modelindən iki dəfə sürətli idi (40 ms). Computer Memories şirkətinin istehsalı olan əvvəlki modellərin bir il istismar müddətində 25-30 % hissəsi sıradan çıxırdı. Bu hal qismən kompüterin söndürülməsi anında MS-DOS 3.0 əməliyyat sisteminin oxuma/yazma başcığının parklanması zamanı istifadə etdiyi FAT alqoritmində olan xəta ilə bağlı idi. • İlk IBM PC/AT kompüterləri (1984–1986-cı il buraxılışları) CGA, monoxrom MDA, EGA, yaxud PGA videoadapterləri ilə təchiz olunurdu. 1987-ci ildən sonra buraxılmış modellər yalnız VGA videoadapterləri olurdu. • Sələfi IBM PC kimi, IBM PC/AT kompüteri də sürüşkən nöqtəli ədədlərlə sürətli işləmək üçün Intel 80287 riyazi so-prosessorunu dəstəkləyirdi.

Bütün bu yenilikləri dəstəkləmək üçün PC-DOS 3.0 adlandırılmış əməliyyat sistemində ciddi əlavələr edilmişdi. Bu kompüterlər yeni meydana çıxmış OS/2 əməliyyat sistemi ilə də işləyirdi.

Ədəbiyyat

  • İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.

Xarici keçidlər