Tüstüsüz barıt

Barıt — çoxkomponentli partlayıcı maddə olub, xaricdən oksigen daxil olmadan daxildən yanma və bununla böyük daxili enerjili qaz yaratmaq qabiliyyətinə malikdir. Barıt mərmilərin atılmasında, raketlərin hərəkət etdirilməsində və başqa məqsədlər üçün istifadə edilir.

Paralel laylarla yanma zamanı istilik bir laydan başqasına ötürülür. Bununla yanma zamanı qaz əmələ gəlməsini tənzimləmək olur. Bu barıt dənəciyinin ölçüsündən və yanma sürətindən asılı olur.

Dənəciyin ölçüsü onun forması, həndəsi ölçüləri ilə təyin olunur. Yanma zamanı bu ölçülər kiçilə və ya böyüyə bilər. Belə yanmaya deqressiv və ya proqressiv deyilir. Qaz əmələgəlməsində müəyyən qanunauyğunluq əldə etmək üçün dənəciklər əlavə yanmayan materialla örtülürlər. Barıtın yanma sürətinə onun tərkibi, başlanğıc temperaturu və təzyiq təsir edir.

İki növ barıt mövcuddur: tüstüsüz (nitrosellüloz) və tüstülü (qarışıq). Raketlərdə tətbiq olunan barıtlara bərk raket yanacağı da deyilir. Nitrosellüloz tərkibli barıtlarda əsas komponent nitrosellüloz və həlledici mayedir. Bundan əlavə barıtların tərkibində çöküntülər də vardır.

Ənənəvi olaraq barıt partlayıcı maddə kimi tanınır. Əslində bu belə deyil, barıtı uzun müddət saxladıqda o brizant partlayıcı maddəyə çevrilir. Bu atma zamanı silahın lüləsini zədələyə bilər.

İxtira olunma tarixi

Barıtın ilk dəfə Çində hazırlanması fərz olunur. Belə güman edilir ki, barıt Çində Tan dinastiyası zamanı (618–907) və ya ondan əvvəl kəşf olunmuşdur. Yunanlar ərəblər vasitəsilə bu barıtın hazırlanma üsulunu öyrənmişlər. VII əsrdə Vizantiyada qatran, neft, şora, kükürd və sönməmiş əhəng qarışığından ibarət olan "yunan odu" kəşf olundu. Bu od yandırıldıqdan sonra suda da sönmürdü. "Yunan odu"nu gəmilərin burnunda yerləşdirilmiş xüsusi odatanla atırdılat. Hava ilə sürtünən yunan odu hədəfə dəydikdə öz-özünə alışıb yanırdı. Uzun müddət "yunan odunun" sirrini yalnız vizantiyalılar bilirdi. Ola bilsin onu IX əsrdə ölümsüzlük eliksiri axtaran əlkimyaçılar əldə etmişlər. Barıtın əldə edilməsi feyerverklərin və ilk odlu silahların yaranmasına imkan verdi. Avropaya isə bir neçə əsr sonra gəlib çıxdığı güman olunur.[1] Avropada barıt XIII əsrdə meydana gəldi və Yüzillik müharibədə (1337–1453-cü illərdə) topların istifadəsi ilə əlaqədar olaraq geniş tətbiq olundu.

Texnologiyası

XIX əsrə aid barıtqabı Azərbaycan poçt markasında

Barıtın və partlayıcı maddələrin ilk nümunəsi tüstülü barıtdır. O, kalium selitrası, kömür və kükürdün(KClO3 + C + S) 75:15:10 nisbətində mexaniki qarışımından ibarətdir. Belə bir fikir mövcuddur ki, guya barıt hələ qədim dövrlərdən məlumdur və yandırıcı, dağıdıcı vasitə kimi istifadə edilmişdir. Lakin bunu təsdiq edən heç bir maddi və ya digər bir sübut yoxdur. Təbiətdə selitra yataqlarına çox nadir rast gəlinir, kifayət qədər davamlı barıtın hazırlanması üçün lazım olan kalium selitrası isə ümumiyyətlə təbiətdə mövcud deyil. Kalium selitrasının hazırlanması xüsusi texnoloji üsullarla mümkündür ki, onlar da yalnız XV–XVI əsrlərdə kimyanın inkişafı nəticəsində meydana çıxmışdır. Böyük ehtimalla qədimdə tərkibində selitra olan və pirotexniki vasitələrə xas xüsusiyyətləri daşıyan üzvi maddələrdən istifadə olunmuşdur.

Dünyaya barıtı çinlilər hələ 1044-cü ildə "bəxş" edib.

Avropada barıtın ixtiraçısı kimi monax Bertold Şvarts hesab edilir.

Nitrosellüloz barıtın, sonralar isə güclü individual partlayıcı maddələrin kəşfi ilə tüstülü barıt öz əhəmiyyətini itirmişdir.

İstinadlar

  1. Jack Kelly Gunpowder: Alchemy, Bombards, and Pyrotechnics: The History of the Explosive that Changed the World, Perseus Books Group: 2005. — pp. 2–5. ISBN: 0465037224, 9780465037223